понедельник, 7 ноября 2011 г.

Bozbaşlara "Fəxri Ad"

Azərbaycanda tanınmış musiqiçilərin əldə etdiyi naliyyətlər göz qabağındadır. Onların xarici və yerli konsertlərdə, festivallarda və müsabiqələrdəki çıxışlarını hamımız görürük. Təbii ki, musiqiçilərin bu kimi tədbirlərdə fəal çıxış etmələri onların nüfuzunun artmasına gətirib çıxardır. Musiqi aləmində, xalqın arasında sayılıb seçilən musiqiçilərə dövlət tərəfindən fəxri adlar verilir. Bunlara əməkdar artist, xalq artisti,əməkdar incəsənət xadimi və s. aiddir.
 Son zamanlarda açılan “Şou-biznes” adlı kafedə nə cür yemək desən tapmaq olar. Kafedə xidmət və yeməklər həddindən artıq ucuzdur.Bu kafenin ən tanınmış və ən dadlı yeməyi bozbaşdır. Hətta xeyir-şər işlərində də bu kafenin bozbaşlarından istifadə olunur. Kafenin dequstatoru isə Əli Mirəliyevdir. O, əsasən bozbaşın keyfiyyətinə nəzarət edir.

Əfsuslar olsun ki, son zamanlarda fəxri ad almaq bazardan kartof almaq qədər asanlaşıb. Məsələn Səməd Səmədov bu yaxınlarda xalq artisti adını “aldı”. Onda belə çıxır ki, Səməd Səmədov, hansısa toy musiqiçisi bizim korifey sənətkarlarımız Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Rübabə Muradova, Rəşid Behbudova və sairlərinə bərabər musiqiçidir?! Hələ mən televizora çılpaq şəkildə çıxan xalq artistlərini demirəm.Məgər Əlibaba Məmmədovla Faiq Ağayev, Aygün Kazımova, Brilyant Dadaşova birdir?. Onda həmin dövlətdə fəxri ad almağın nə mənası var.
Fəxri ad verən qurumlar fikirləşmir ki, ara musiqiçilərə ad verməklə əsl sənətkarların adlarını  nüfuzdan salırlar. Bəlkə də bu məqsədli şəkildə aparılan siyasətdir. Çünki, əgər dövlət eyni adı həm sənətkara, həm də ara musiqiçilərə verirsə, bu artıq ölkə mədəniyyətinin aşağı düşməsinə gətirib çıxarır və səviyyəsiz musiqilərə qulaq asan xalq heç vaxt mədəniləşə bilmir. Mədəniyyətsə savadla vəhdət təşkil edir.
Göstərilən nümunələrdən məlum olur ki, ölkədə musiqiçilərə verilən fəxri adların heç bir mənası yoxdur və bu məqsədli şəkildə aparılan siyasətdir.

среда, 27 июля 2011 г.

"Qayğı"

   Azərbaycan xalqı istedadlı xalqdır. Onun mədəniyyəti, özü də musiqi mədəniyyəti digər ölkələrdən xüsusilə fərqlənir. Ölkəmizdə bu sahəyə məxsus böyük “qayğı” göstərilir. Uşaqların musiqi məktəbinə, kollecinə və universitetə rüşvətsiz girə bilməmələri, tapılmayan rüşvət məbləği ucbatından məzun olmuş tələbənin müəllim işləyə bilməməsi də bu “qayğı”nın nəticəsidir. Müsabiqələrdə kimsə kiminsə qohumu olduğuna görə qalib elan olunursa, bunu da o “qayğı”ya borcluyuq.
   Prezidentimizin 2005-2009cu illər arası imzaladığı gənclər proqramında musiqiyə də yer ayrılmışdı. Proqramın bu hissəsində seçilmiş şagird və tələbələrin xaricə ya da Azərbaycanın səfalı yerlərinə göndərilməsi nəzərdə tutulurdu. İş elə gətirdi ki, mən də bu proqramdan yararlanmalı oldum.
   İki günlük Qubaya göndərirdilər.  Tarix indiyə qədər yadımdadır: 11 avqust 2008-ci il. Bizi Azadlıq meydanından yola salırdılar. AZTV-dən də gəlmişdilər. Yığışdığımız yerdə bizə dedilər ki, indi qara kostyumda bir nəfər gələcək, onu alqışlayarsız. Deyəsən Mədəniyyət Nazirliyindən idi. O, maşından düşəndə hamının əl çalmağı məndə gülüş yaratdı. O, prezidentin qayğısından danışırdı, mən isə hələ də gülürdüm.
Nəhayət biz yola düşdük. Bizimlə birlikdə gələn Mədəniyyət Nazirliyinin başqa bir əməkdaşı bizə yol boyu Heydər Əliyev və oğlunun gənclərə olan “qayğı”sından danışırdı. Yenə də gülürdüm, bu dəfə bizi bezdirmələrinə.
Qubaya çatan kimi bizi süfrə başına yığdılar və həmişə olduğu kimi başladılar prezidentin bizə olan qayğısından danışmağa. Nəhayət istirahət üçün otaqlarımıza gedə bildik. Məni hələ də bir fakt düşündürür. Görəsən nəyə görə bizə verilən otaqlardakı televizorda bütün kanallar erotik idi. Bu da İlham Əliyev qayğısının bir hissəsi idimi? Təxminən 300 kanalın 250-də erotika göstərirdilər. Yəqinki bu da həmin “qayğı”nın bir parçasıymış.
Səfərimizin ikinci günü, səhər yeməyi vaxtı başçı bizə yenə də “qayğı”dan danışmağa başladı. Uşaqlarımızdan biri gecə baxdığı kinodan sonra bunu səmimi qəlbdən təsdiqlədi. Axşam Bakıya çatanda bizi qarşıladılar. Orda da qayğıdan danışanda daha mən gülmürdüm. “Qayğı” artıq mənim beynimə işləmişdi.
“Qayğı”nın mənim üçün müsbət bir nəticəsi də oldu. Belə ki, mən müxalifətə qoşulmağa qərara aldım. Sağ olsunlar ki, məni düzgün yola gətirdilər.